KƏNDİN TARİXİNDƏN

   
 
Bu torpaqdı sazın-sözün mahalı
Hər çəməni, hər talası bir xalı
Dağları var yapıncılı, çalmalı
Kitabtutmaz min dastanım Faxralı

Coğrafi mövqeyi: Faxralı kəndi Dələver (Talaveri) çayının sahilində, rayon mərkəzindən 19 km gündoğarda, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir.

Əhalisi: 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər, 2002-ci ildə 1447 ailədə 6891 nəfər, 2006-cı ildə 1568 ailədə 6784 nəfər.

Maarif: Dünyəvi məktəb 1919-cu ildə yaradılıb. Orta məktəb (2005-ci ildə 26 sinifdə 563 şagird), iki baza məktəbi (2005-ci ildə müvafiq olaraq 17 sinifdə 267 şagird və 10 sinifdə 143 şagird) fəaliyyətdədir.

Toponimi: Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını "Fağır Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi olə eyni kökdən olduğunu nəql etmişlər.

Tarixi: Müşahidələrin nəticəsi budur ki, ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmir Həsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin ərazisində olan qəbilər də tasdiqləyir. Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə, qəbirüstü yazılar, XVII əsrin yadigarı məscid diqqəti çəkir.

Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları deyərdilər: "Faxralı yeddi kəndin sonudur." Məlumdur ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə soydaşlıqları barədərəvayətlər, fikirlər söyləmək olar.

Faxralı Bolnisi rayonunun ən böyük, axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da, onların əsas məşğuliyyəti əkinçilikdir. Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar, yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır.

Vaxtilə kənddə yeddi mindən artıq əhali yaşayıb. Bu kənddə başqa kəndlərdən fərqli olaraq,  su məsələsi çətindir. Kəndin əkin sahələrinin çox hissəsi susuz-dəmyə torpaqlardır. Həyətyanı sahələri suvarmaq üçün su yoxdur. Əhali içməli, ümumiyyətlə, hər şey üçün istifadə etdiyi  suyu bulaqdan daşıyır. Kənddə 15-dən artıq bulaq var, hər kəs suyu özünə yaxın olan bulaqdan gətirir.

Onu da qeyd edək ki, Gürcüstanda qatı millətçi Qamsaxurdiyanın prezident olduğu dövrdə Bolnisinin digər kəndləri kimi Faxralının da adı dəyişdirilib, olub Talaveri. Yeri gəlmişkən,  kənd sakinləri kəndin tarixi adının dəyişdirilməsindən çox narazı qaldıqlarını söyləyərək, dəfələrlə bu barədə əlaqədar təşkilatlara müraciət etdiklərini, lakin bunun heç bir nəticə vermədiyini bildirdilər. Onların dediyinə görə,  bu məsələ Saakaşviliyə də çatdırılıb, ancaq sözügedən problemə o da maraq göstərməyib.

Məhşurları: Faxralı camaatı sazlı-sözlü,  şair təbli xalqdır. Bu el çoxlu saz-söz ustaları, şairlər, ziyalılar - alimlər yetişdirib. Faxralı kəndinin yetişdirdiyi alimlərdən biri mərhum millət vəkili, professor Şamil Qurbanovdur. Ş.Qurbanov da məhz Faxralıda dünyaya göz açaraq, burada boya-başa çatmışdı. Bundan başqa hazırda Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı tanınan Mətbuat Şurasının sədri Əflatun Amaşov və tanınmış hüquqşünas İsaxan Aşurov, Dünya Gənc Türk Yazarlar Birliyinin mərhum üzvü, istedadlı şair Hamlet Kazımoğlu (DGTYB-nin Sankt-Peterburq təmsilçisi) da məhz Faxralı kəndinin yetirmələridir.

Yazılmış kitablar: Səməndər Məmmədovun “Faxralı tək ağır elim var mənim” toplusu, Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş”, Rəşid Faxralının ”Oğuz eli Faxralı” kitablari qiymətlidir.

 

 
 
Kənd Soveti
Kəndin yuxarı hissəsində tikilmiş körpü.
Məscid
Univerimaq
Məktəb
8 illik orta məktəb
Xəstəxana
   
   
   

REKLAM


yaxinda